“Allah məni bağışlayar”, - deyərək özlərini aldadanlar
İnsanların çoxu Allah`ın varlığını bilir və qəbul edirlər, amma Onun qüdrətini lazımi kimi təqdir etmirlər. Yanıldıqları mövzu Allah`ın varlığı deyil, Allah`ın isimləridir. Məsələn, Allah`ın qullarına qarşı çox lütfkar, bağışlayıcı və mərhəmətli olduğunu düşünsələr də, inkarçılardan intiqam alan, onlara əzab verən isimlərini düşünmürlər.
Allah`ı lazımi kimi təqdir edə bilməyən bu insanların ya Allah qorxusu yoxdur, ya da çox məhduddur. Bu da insanın axirəti baxımından çox təhlükəli vəziyyətdir. Çünki Allah qorxusu olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan insan hər cür pisliyi, zülmü rahatlıqla edə bilər. Allah`ın qadağan və haram etdiyi hər cür günahı edib sonra da “Allah bağışlayar” kimi reallıqdan uzaq düşüncəyə qapıla bilər. Buna görə də şeytan insanlara həmişə bu istiqamətdən yaxınlaşır və insanların özlərini “yəqin ki, bağışlanaram” düşüncəsi ilə aldatmalarına səbəb olur.
Din əxlaqından uzaq cəmiyyətlərdə insanlar həmişə bu yanlış fikirlə hərəkət edir və davamlı olaraq Allah`ın əmr və qadağalarını pozurlar. Namazlarını qılmayanlar, oruc tutmayanlar, ehtiyac içində olan insanları qorumayanlar, xəsislik edərək mallarından zəkat verməyənlər, öz mənfəətləri üçün insanlara zülm edənlər, adam öldürənlər, oğurluq edənlər, başqalarının malını haqsızlıqla yeyənlər, yer üzündə fitnə-fəsad çıxaranlar, insanları əxlaqsızlığa sürükləyənlər həmişə “Allah bağışlayar” düşüncəsi ilə hərəkət edirlər. Halbuki, bu düşüncəyə sahib olan insanlar böyük yanlışlıq içindədirlər. Çünki Allah tövbələri qəbul edən və bağışlayandır, ancaq eyni zamanda, sonsuz ədaləti ilə hər bir əməlin əvəzini əskiksiz olaraq verəndir. Əlbəttə, yaxşılıq edənlərlə pislik edənlər bir tutulmayacaq, dünyada da hesab günündə də hər kəs layiq olduğu qarşılığı görəcək. Bu həqiqət Quranda belə bildirilir:
Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (“Casiyə” surəsi, 21-22)
Allah`ın dərgahına qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (“Bəqərə” surəsi, 281)
Ancaq bunu da qeyd etməliyik ki, əlbəttə, hər insan yaşadığı müddət ərzində səhv edə bilər və etdiyi günahlardan, etdiyi səhvlərdən ötrü peşman ola bilər. Çünki insan səhv etməyə meyilli varlıqdır, heç bir insan qüsursuz deyil. Buna görə, insan dünyada olduğu müddətdə bağışlanmaq üçün Allah`a tövbə edə bilər. Allah hər insana ölənə qədər tövbə etmə imkanı vermişdir. Amma Quranda hansı tövbənin səmimi tövbə olduğu və qəbul ediləcəyi də xəbər verilmişdir. Tövbənin şərtinin səmimiyyət olduğunu Allah aşağıdakı ayələri ilə bildirmişdir:
Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim”, - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (“Nisa” surəsi, 17-18)
“Yəqin ki, bağışlanılaram”, - deyərək düşünməməli, dərhal səmimi şəkildə Rəbbimizə yönəlib səhvini düzəltmək üçün tövbə etməlidir. Əhəmiyyətli olan insanın Allah`a qarşı səmimi qul olmasıdır. Ancaq bundan sonra Allah`ın bağışlamasını ümid edə bilər. Ancaq səmimiyyətsiz şəkildə hərəkət etməyə davam edərkən Allah`dan çəkinmədiyi və bağışlanma diləmədiyi halda, “Allah bağışlayar” kimi bir üslub və məntiq içində olanlar gözlədikləri nəticə ilə qarşılaşmaya bilərlər.
Buna görə diqqət edin! “Allah bağışlayar” məntiqi ilə özünüzü aldadıb bilə-bilə Allah`ın razı olmadığı həyatı yaşamayın. Əks təqdirdə, sonsuz həyatınızı öz əllərinizlə böyük təhlükəyə atmış olarsınız.
İnsanlar hansı yalanlarla özlərini aldadırlar?
- Düşünmədiyi üçün: “ağlıma gəlmədi, bilmirdim”, - deyə biləcəyini zənn edənlər
- “Bilirdim, amma vaxtım və imkanım yox idi”, - deyərək özünü aldadanlar
- “Yorğunam, xəstəyəm”, - deyərək Allah`a ibadət etməyənlər
- “Allah məni bağışlayar”, - deyərək özlərini aldadanlar
- “Onsuz da mən cənnətə gedəcəyəm” kimi düşünənlər
- “Hamı elə düşünürdü, mən də onlara tabe olmağa məcbur oldum”, - deyənlər...
- “Elm adamları dini inkar edirdi, onlara inandım”, - deyərək özünü aldadanlar
"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "
~ (Qiyamət surəsi, 13-15) ~