Niyə özünü aldadırsan?

Şeytan hiyləli vədlər verir


Şeytan insanı Allah`ın yolundan azdırmaq üçün insanlara boş işləri bəzəkli göstərməklə qalmır, onlara bu mövzuda müxtəlif vədlər də verir. Allah şeytanın bu hiyləsini bir ayəsində belə bildirir:

(Şeytan) onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir. (“Nisa” surəsi, 120)

Şeytanın təsirinə düşən insanlar önlərində çox uzun illərin olduğuna özlərini inandırıb uzun müddətli planlar qururlar. Sanki bu dünyada sonsuza qədər yaşayacaqmış kimi mal, mülk, məqam, mövqe həvəsinə qapılıb Allah`ın razılığından tamamilə uzaqlaşırlar. Allah bunun şeytanın bir hiyləsi olduğunu başqa bir ayədə belə bildirir:

Doğru yol özlərinə bəlli olduqdan sonra  dönənlərə şeytan xoş göstərdi və onları tovlayıb yoldan azdırdı. (“Muhəmməd” surəsi, 25)

Hər insanın çoxlu planları vardır. Daha əvvəl də qeyd edildiyi kimi, hər peşədən, hər yaşdan, hər ictimai mühitdən insanların planları bir-birindən fərqli olsa da, əslində, hamısı dünyaya istiqamətlənmişdir. Məsələn, bir iş adamının gələcəyə aid ən böyük idealı böyük bir fabrikə sahib ola bilməkdir. Bu fabrikə sahib olduqdan sonrakı ən böyük idealı isə istehsal etdiyi malları dünya səviyyəsində ixrac etməkdir. Və ya bir sənətçinin idealı ölkəsindəki hər kəs tərəfindən tanınan, sevilən, hörmət edilən, qabiliyyətləri təqdir edilən insan ola bilməkdir. Bu məqsədinə çatarsa, bir sonrakı məqsədində də eyni müvəffəqiyyəti bütün dünya səviyyəsində göstərə bilməkdir. Bir çox insan üçün belə nümunələri saya bilərik. Bu insanlar dünyada özləri üçün seçdikləri idealları reallaşdıra bilmək üçün gecə-gündüz çalışırlar.

Amma, görəsən, bunları həyata keçirə biləcək qədər ömürləri vardırmı? Hər insan, əvvəlcə, bunu düşünməlidir. Çünki yuxarıda sayılan planların heç birinin reallaşması sığortalanmayıb. Amma ölüm mütləq reallaşacaq, hər insanın başına gələcəkdir. Buna baxmayaraq, bu insanların ölümdən sonrası üçün heç bir plan və hazırlığı yoxdur. Bütün həyatları dünyadakı həyatlarına aid idealları reallaşdırmağa həsr olunmuşdur. Üstəlik, bir gün ölümlə birlikdə bütün planlarının bir daha tamamlanmamaq üzrə yarıda qala biləcəyini ağıllarına belə gətirməmişdilər. Çünki şeytan onlara ayədə bildirildiyi kimi, müxtəlif vədlər vermiş və onlar da bunlara qapılıb özlərini aldadaraq bir ömrü puç etmişdilər.

Halbuki, insan bitib-tükənməz arzular arxasınca qaçmaqdansa Allah`a qarşı məsul olduğunu və din günündə Onun hüzurunda bütün etdiklərinin hesabını verəcəyini bilərək Allah`ın Quranda göstərdiyi şəkildə yaşamalıdır. Əks halda, sonsuz həyatı üçün hazırlıq görməməsi, özünə verilən fürsəti qaçırması onu sonsuza qədər cənnətdən məhrum edə bilər. Cənnətdən məhrum olan insanın gedəcəyi yer isə cəhənnəmdir.

Allah`ın özünə verdiyi bu müddəti heç bir dəyəri olmayan işlərlə puç edənlər axirətdə çox böyük peşmançılıq yaşayacaqlar. Onlara o gün belə deyiləcək:

Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! (“Fatir” surəsi, 37)

Ayədə bildirildiyi kimi, hər insana öyüd ala biləcəyi, vicdanının səsini eşidə biləcəyi qədər vaxt verilmişdir. Şeytan nə qədər səhv yola aparmağa çalışsa da, insanın bu çağırışa qulaq asmamaq, Allah`ın əmr etdiyi yolda irəliləmək imkanı vardır. Bunun tək yolu səmimi iman və Allah`a güvəndir. Necə ki, bu xüsusiyyətlərə sahib insanlara aid olaraq şeytanın hər cür səyinin, hiyləgər vədinin boşa çıxacağı Quranda bildirilmişdir:

Onlardan kimi bacarırsansa, səsinlə  yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, mallarına və övladlarına ortaq ol, onlara cürbəcür vədlər ver. Şeytan yalnız yalan vəd verər! Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması  kifayət edər! (“İsra” surəsi, 64-65)

Diqqət edin, şeytan sizi də dünyəvi həvəs və əməllərin arxasınca aparıb əsl hazırlıq görməyiniz lazım olan yeri unutdurmasın. Siz dünyəvi ideallarla, müvəqqəti həvəslərlə özünüzü əyləndirib, yaxşı işlər etdiyinizi sanaraq aldatmayın. Allah`ın aşağıdakı əmrini həyatınızın heç bir anında unutmadan tətbiq edin:

Ey iman gətirənlər! Allah`dan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allah`dan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! Allah`ı unutduqları üçün Allah`ın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! (“Həşr” surəsi, 18-19)


Özünü aldatmadan səmimi dindar olmaq

"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "

~ (Qiyamət surəsi, 13-15) ~