Niyə özünü aldadırsan?

“Elm adamları dini inkar edirdi, onlara inandım”, - deyərək özünü aldadanlar.


İnsanların dini inkar etmək üçün irəli sürdükləri bəhanələrdən biri də Allah`ı və axirət gününü inkar edən elm adamlarının varlığıdır.

Xüsusilə içində yaşadığımız dövr elmin ciddi şəkildə inkişaf etdiyi, elmi baxımdan tarix boyu yaşanmamış bir çox nailiyyətin əldə edildiyi dövrdür. Elm və texnologiyanın təmin etdiyi imkanlarla kainatdakı nizam və dizayn görünür, Allah`ın yaratdığı sistemlərin qüsursuzluğu aydın olur, canlıların sahib olduğu bir çox yaradılış həqiqəti daha yaxından tanınır, Quranın möcüzələri bir-bir kəşf edilir.

Ancaq bir də elmdən öz dünyəvi mənfəətləri üçün istifadə edən, inkarçı zehniyyətlərini onunla dəstəkləməyə çalışan şəxslər var. Bu şəxslər elm adamı adı altında ortaya çıxır, ancaq elmlərindən gerçəkləri araşdırıb tapmaq üçün deyil, öz ideologiyalarını dəstəkləmək üçün istifadə edirlər. Bu şəxslər kainatdakı və canlılardakı qüsursuz yaradılışı və möcüzəvi xüsusiyyətləri görməzlikdən gəlib hər şeyin təsadüflər nəticəsində özbaşına var olduğu kimi əsli olmayan iddia ilə ortaya çıxırlar. Bu insanların məqsədi Allah`ın varlığını inkar etmək və cəmiyyətlərə də inkar etdirməkdir. Bu yolla heç kimə qarşı məsuliyyət daşımayan, başıboş fərdlərdən ibarət olan hər cür əxlaqsızlığın geniş şəkildə yaşandığı cəmiyyətlər meydana gətirmək istəyirlər.

İnsanların çoxu elm adı altında öz fikirlərini yaymağa çalışan bu şəxslərdən təsirlənir. Bütün elm adamları hər şeyi bilən, hər mövzuda ən doğru diaqnozu qoya bilən, ən ağıllı və zəkalı şəxslər olaraq qəbul edilirlər. Halbuki, bu səhv anlayışdır. Əlbəttə, elmi doğru məqsədlə istifadə edən bir çox qiymətli elm adamları da var. Amma elmin əhatəsində dünyəvi mənfəətləri üçün həqiqətləri gizlədən, insanları səhv yola aparan şəxslər də mövcuddur. Buna görə, bütün insanlar kimi elm adamları da sahib olduqları məlumatların, onlara verilən adların çoxluğuna görə deyil, sahib olduqları məlumatları yaradılış məqsədlərinə uyğun istifadə edib-etmədiklərinə, Allah`ın razı olacağı şəkildə yaşayıb-yaşamadıqlarına görə qiymətləndirilməlidirlər. Allah`a iman edən insan üçün doğru olan budur.

Daha əvvəl də ifadə etdiyimiz kimi, Allah Quranda insanların çoxluğa tabe olmalarının özlərinə zərər gətirəcəyinə, bu çoxluğun inkarda davamlı olacağına diqqət çəkmişdir. Belə olan halda, bir insanın başqalarının sözlərini araşdırmadan, detallarını öyrənmədən qəbul etməsi deyil, öz ağlı və vicdanı ilə qiymətləndirməsi və buradan doğru nəticəni çıxarması vacibdir. Allah bir ayəsində: “Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək bunların hamısı sorğu-sual olunacaqdır” (“İsra” surəsi, 36) - deyə əmr edir. Buna görə də bu, insanın özünə deyilən hər şeyi birbaşa qəbul edərək özünü aldatmasından başqa bir şey deyil.

İnsan  Allah`ın özünə əmr etdiyi şəkildə haqqa tabe olmaqla və insanlara da haqqı tövsiyə etməklə cavabdehdir. Həqiqət belə olduğu halda, bəhanələr irəli sürməsi, özünü və ətrafındakıları aldadacaq bəhanələrlə ortaya çıxması axirətdə heç bir fayda verməyəcək. Allah insanları inkara dəvət edən və onlara yalan vədlər verən şəxslərin hər zaman olacağını Quranda xəbər vermişdir. Allah bu şəxslərin də, onlara tabe olanların da müsibətlərlə qarşılaşacaqlarını belə xatırlatmışdır:

İnkar edənlər iman edənlərə dedilər: “Siz bizim yolumuza  tabe olun, günahlarınızı biz boynumuza götürərik”. Halbuki, onların heç bir günahını öz boyunlarına götürməzlər. Həqiqətən, onlar yalançıdırlar. Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalana görə mütləq sorğu-sual olunacaqlar. (“Ənkəbut” surəsi, 12-13)


İnsanlar hansı yalanlarla özlərini aldadırlar?

"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "

~ (Qiyamət surəsi, 13-15) ~