“Onsuz da mən cənnətə gedəcəyəm” kimi düşünənlər
Dini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyatın olduğunu qəbul edirlər, lakin özlərinin mütləq cənnətə gedəcəklərini zənn etdiklərinə görə dini yaşamırlar. Bu cür düşünən insanların haradan belə qənaətə gəldikləri məlum deyil. Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görür və yaxşı insan olduğu üçün cənnətə girməyə layiq olduğu qənaətinə gəlir. Ən təəccüblüsü də bu insanlar yaxşılıq anlayışını Qurana görə deyil, cahiliyyəyə uyğun qiymətləndirirlər. Allah`ın razı olduğu həyatı və əxlaqı deyil, yaşadıqları cəmiyyətin razı olduğu həyatı və əxlaqı seçirlər. Nəticədə, özlərini aldadaraq cənnətə girəcəklərini düşünürlər.
Heç şübhəsiz, Allah`dan cənnəti ümid etmək və istəmək gözəl şeydir. Bu istəyin səmimi olduğunun ən əhəmiyyətli göstəricilərindən biri insanın həyatının hər anında cənnətə yaraşan əxlaq göstərməsi və Allah`dan qorxub, çəkinərək hərəkət etməsidir. Əks halda, yəni Allah`ın razı olmadığı həyat tərzi sürərkən qulluq vəzifələrini yerinə yetirmədən cənnətə gedəcəyini düşünmək çox səmimiyyətsiz düşüncə olduğu kimi, bu düşüncə insanın özünü aldatmasından başqa bir şey deyil.
Bu düşüncəyə görə, insan həm Allah`a qulluq etmədən ömrünü öz nəfsinin istək və həvəslərinə görə keçirir, həm də axirətdə Allah`ın səmimi və saleh qulları üçün hazırladığı cənnətində, onların arasında, nemətlər içində olacağı düşüncəsinə malik olur. Bu, belə düşüncəyə sahib insanın Qurandan heç bir məlumatı olmadığını göstərir. Çünki Quran ayələrində bildirilən həqiqətləri dərk edən insan bu cür yalanlarla xilas olmağın mümkün olmadığını, bu yolla yalnız özünü aldatdığını çox yaxşı anlaya bilər.
Bir insan Quranda təsvir edilən cəhənnəm mühitini öyrənib dərk etdiyində bir an belə cəhənnəmdə olmağı gözə almaz. Nəinki cəhənnəmdə olmaq, cəhənnəmə yaxınlaşmaqdan belə şiddətlə qaçar. Çünki cəhənnəm insanın dünyada təsəvvür belə edə bilməyəcəyi çətinliklərlə, ağrı, əzab və çirkinliklərlə dolu məkandır. Allah Quranda cəhənnəm əzabının insanların yox olmaq istəyəcəkləri qədər şiddətli əzab olduğunu bildirmişdir:
Əlləri boyunlarına bağlı vəziyyətdə dar bir yerə atıldıqları zaman özlərinə bəd dua edib ölümü diləyərlər. (“Furqan” surəsi, 13)
“Ey Malik! Qoy, Rəbbin bizi öldürsün”, - deyəcəklər. O isə: “Siz qalacaqsınız!” – deyə cavab verəcəkdir!
Allah`ı lazım olduğu kimi tanımayan və isimlərini təqdir edə bilməyən insanlar isə Onun inkarçılar üçün hazırladığı cəhənnəmin şiddətini də təqdir edə bilmirlər. Belə ki, cəhənnəmdən qorxub çəkinərək hərəkət etməyin yerinə etdikləri bəzi hərəkətlər üçün müəyyən müddət cəhənnəmə girməyi belə gözə ala bilirlər. Bu düşüncə cəmiyyətdə olduqca geniş yayılıb. Nəfsinin istək və həvəsləri uğrunda Allah`ın əmr və qadağalarını aşanlar “cəhənnəmdə cəzamı çəkər, sonra necə olsa cənnətə gedərəm” kimi bir inanca sahib olurlar. Bu insanlar dünya həyatından istədikləri kimi faydalanıb bunun qarşılığında cəhənnəmdə bir müddət qalacaqlarını, daha sonra bağışlanacaqlarını düşünürlər. Halbuki, heç bir insanın Allah`ın istəyi olmadan belə bir zəmanəti yoxdur.
Cəhənnəm sonsuza qədər var olacaq əzab yeridir. Allah rizasına görə yaşamayan hər insanı sonsuza qədər bu əzab yurdunda tuta bilər. “Necə olsa bir müddət qalar, sonra cəhənnəmdən çıxaram”, - deyə düşünənlər Allah`dan lazımi şəkildə qorxmayan, Onun əzabını düşünüb qavramayan şəxslərdir. Belə ki, Allah bu zənn ilə hərəkət edən insanlardan və onların uğrayacaqları sondan Quranda bəhs etmişdir:
Onlar: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz”, –deyərlər. De ki: “Allah`dan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allah`a qarşı bilmədiyinizi söyləyirsiniz?” Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. (“Bəqərə” surəsi, 80-82)
Bu mövzuda Quranda olan bir başqa ayə isə belədir:
Bu onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onların dinləri barəsində uydurduqları özlərini aldadıb yoldan çıxartmışdır. (“Ali-İmran” surəsi, 24)
Allah`ın yuxarıdakı ayələrdə bildirdiyi kimi, kimin nə qədər əzab çəkəcəyini, cəhənnəmdə kimin nə qədər qalacağını ancaq Allah bilər. Dünyada olarkən: “Cəzamı çəkib çıxaram”, - deyərək özlərini aldadan bu insanların cəhənnəmdə yaşayacaqları çarəsizlik və çaşqınlığı isə Allah ayələrində belə bildirir:
(Allah) buyuracaq: “Allah`ın istədiyi istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir! (“Ənam” surəsi, 128)
Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyiləcəkdir. (“Səcdə” surəsi, 20)
Atəşdən çıxmaq istəyərlər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır! (“Maidə” surəsi, 37)
Əgər yuxarıdakı ayələrdə bəhs edilən şəxslərdən olmaq istəmirsinizsə, bu mövzu üzərində bir daha düşünün. Və əsla “necə olsa cənnətə gedərəm”, “cəzamı çəkib cəhənnəmdən çıxaram” kimi boş zənlərlə özünüzü aldatmayın. Özünüzü cahiliyyə prinsipləri ilə deyil, Quran ayələri ilə qiymətləndirin. Allah Quranda cənnətinə yaraşan bir insanın necə olmasının lazım olduğunu bütün detalları ilə bildirmişdir. Bunun xaricində heç bir fikir bu mövzuda hökm verə bilməz. Unutmayın! Heç kimin cənnətə gedəcəyi zəmanət altında deyil. Əksinə, dünyada imtahanı davam edən hər insan üçün cəhənnəmə getmə təhlükəsi mövcuddur. Allah`ın ən səmimi və vicdanlı qulları olan peyğəmbərlərin belə bu mövzuda Allah`a dua etdiklərinə Quranda belə diqqət çəkilir:
Göyləri və yeri yaradan, dünyada və axirətdə mənim ixtiyar sahibim Sənsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (“Yusif” surəsi, 101)
Belə olan halda, heç kim özünü aldatmasın. Allah`a boyun əyib təslim olmadığı və Rəbbimizi razı etmədiyi müddət ərzində heç kim cənnətin qapılarından içəri girə bilməyəcək. Allah bir ayəsində bunun qeyri-mümkün olduğunu insanlara çox açıq bir örnəklə bildirmişdir:
Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və kəndir iynənin gözündən keçməyənə qədər onlar da cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk! (“Əraf” surəsi, 40)
İnsanlar hansı yalanlarla özlərini aldadırlar?
- Düşünmədiyi üçün: “ağlıma gəlmədi, bilmirdim”, - deyə biləcəyini zənn edənlər
- “Bilirdim, amma vaxtım və imkanım yox idi”, - deyərək özünü aldadanlar
- “Yorğunam, xəstəyəm”, - deyərək Allah`a ibadət etməyənlər
- “Allah məni bağışlayar”, - deyərək özlərini aldadanlar
- “Onsuz da mən cənnətə gedəcəyəm” kimi düşünənlər
- “Hamı elə düşünürdü, mən də onlara tabe olmağa məcbur oldum”, - deyənlər...
- “Elm adamları dini inkar edirdi, onlara inandım”, - deyərək özünü aldadanlar
"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "
~ (Qiyamət surəsi, 13-15) ~