Niyə özünü aldadırsan?

Düşünmədiyi üçün: “ağlıma gəlmədi, bilmirdim”, - deyə biləcəyini zənn edənlər


İnsanın həyatı boyu yaşadığı hər anı filmin kadrlarına bənzətsək, bir həyatın trilyonlarla kadrdan meydana gəldiyini düşünə bilərik. Bu trilyonlarla kadrdan hər biri insan üçün verilmiş fürsət deməkdir. İnsanın həyatındakı hər an həqiqətləri düşünməsi, doğruları görə bilməsi üçün hesab günündən əvvəl özünə verilmiş nemətdir. Bu neməti xeyirə istifadə edənlər, düşünərək dünya həyatının əsl mahiyyətini qavraya bilən insanlardır. Düşünməyənlər və həyatlarını qəflət içində davam etdirənlər isə bu fürsəti qiymətləndirə bilməzlər.

Şübhəsiz, düşünmək anlayışından hər kəs fərqli məna çıxara bilər. Bəzilərinin düşünməkdən anladığı gələcəyi düşünməkdir. Gələcəyə dair planlar qurmaq, sərmayə qoymaq düşünməyin göstəricisidir onlar üçün... Bəziləri isə düşünməyi keçmişin hesabatını aparmaq kimi görür. Dayanmadan keçmişdə etdiklərini, qazandıqlarını və ya itirdiklərini düşünür. Bəziləri isə yalnız bu günü düşünməyin, sabahı heç düşünməməyin faydalı olduğuna inanır. Bu, onun dünyagörüşüdür. Gündəlik yaşayır; müəyyən bir məqsədi və izlədiyi yolu da yoxdur. Səhər qalxdıqda naharda nə yeyəcəyini düşünür, işə gedərkən hansı vasitəyə minəcəyini, günorta yeməyinə kimlərlə gedəcəyini, axşam gələcək qonağa nə yemək bişirəcəyini, hansı şirkətin səhmlərini almasının qazanclı olacağını, ertəsi gün futbol matçına bilet tapıb-tapa bilməyəcəyini, məktəbdəki əyləncəyə kiminlə gedəcəyini düşünür… Qısası, insanların çoxunun zehni davamlı gündəlik, sadə və səthi düşüncələrlə doludur.

Budur, yer üzündəki yüz milyonlarla insan bu və buna bənzər düşüncələrlə ömrünü keçirir. Və görünən odur ki, insanlar belə mövzuların xaricindəki dərin mövzular üzərində düşünməyə çox yanaşmırlar. Ancaq burada düşünmək deməklə nəzərdə tutulan insanın həyatının məqsədini, ətrafındakı yaradılış dəlillərini, Allah`ın kainatda təcəlli edən möhtəşəm sənətini, ölümü, axirəti, hesab gününü düşünməsidir. Budur, insanların əksəriyyətinin nöqsan cəhəti də budur.

Düşünün! İllərlə təhsil alıb bioloq, mühəndis, həkim, professor olur, amma həyatında bir dəfə belə heç yox ikən necə var olduğunu, bunun da mütləq bir məqsədlə olduğunu düşünməzlər. Tezis hazırlayar, elmi iş müdafiə edər, assistent olar, müəllim olar, insanlara şəfa verən həkim və ya vəkil olarlar, amma nə üçün və necə yaradıldıqlarını, yaradılışlarını Allah`a borclu olduqlarını heç düşünməzlər. Kitablar yazar, televiziyalarda  iclaslara gedər, hər mövzuda düşünüb fikir bildirər, amma bir dəfə olsun ölümü və ondan sonra Allah`a verəcəkləri hesabı ağıllarına gətirməzlər. Budur,  belə insanlar böyük ziyan içindədirlər. Çünki hər insan tez və ya  gec ölümlə qarşılaşacaq və Allah`a olan qulluğundan sorğuya çəkiləcək. Düşünməmiş olmaq heç kimə bir fayda verməyəcək.

Hər insan Allah`ın varlığını, yaradılış məqsədini, necə qulluq etməsinin lazım olduğunu düşünüb anlaya biləcək şüur və vicdana malikdir. Necə ki, özləri üçün ən həyati mövzuları düşünməyən bu insanlar özlərinə sərfəli olan mövzunu çox yaxşı düşünə bilirlər. Məsələn, gəlir gətirən  bir işdən söz gedirsə, pullarını necə qiymətləndirəcəklərini çox yaxşı bilirlər, bu haqda hər mərhələni düşünürlər. İşlərində çox çətin problemlərin öhdəsindən gələ bilir, hər detal üçün ayrı tədbir görürlər. Sahib olmaq istədikləri bir şey olduğunda bunun üçün çoxlu planlar qurub, bunları mərhələli şəkildə tətbiq edirlər. Qısası, insanlar dünyaya aid mənfəətləri olan mövzuları çox yaxşı düşünürlər.

Buna görə də axirətdə “düşünə bilmədim”, “ağlıma gəlmədi” kimi bəhanələr Allah`ın diləməsi xaricində qəbul edilməyəcək.

Hər yeni doğan insan Allah`ın yaratdığı dünyaya addımını atır. Dünyada gözünü hara çevirirsə çevirsin, möhtəşəm yaradılış, qüsursuz dizayn və ən incə detalına qədər planlı sistemlərlə qarşılaşır. Qarşılaşdıqları üzərində düşünən insan bütün bunların yaradıldığını rahat qavraya bilər. Amma gündəlik həyatın və dünyəvi həvəslərin içində boğulmuş insan bu gördüklərinə təsadüf deyib keçir. Halbuki, bu insana sadə bir rəsm əsəri göstərsəniz və: “Bu, təsadüfən öz-özünə çəkilmiş ola bilərmi?” - desəniz: “Əlbəttə, xeyr, bunu çəkən bir sənətçi mütləq vardır”, - deyər. Amma eyni insan ətrafındakı fövqəladə sənəti kimin və niyə yaratdığını düşünməkdən qaçır.

Eyni şəkildə, insanlar dünyadakı həyatlarının keçici olduğunu və əsl həyatın ölümün ardından başlayan axirətdə olduğunu da düşünməkdən qaçırlar. Hər gün bir çox insanın ölümünə şahid olurlar, amma öz ölümlərini ağıllarına gətirmirlər. Heç ölməyəcəkmiş kimi dünyaya aid çoxlu planlar qurarkən ölümdən sonrası üçün hazırlıq görmürlər.

Bu insanlar özlərini bilə-bilə zərərə salırlar. Çünki insanın yaradılış məqsədini, Allah`ın bütün kainatda təcəlli edən sənətini, ölümü, axirəti, hesab gününü düşünməsi çox asandır. İnsanların zənn etdiyi kimi, bütün bu saydıqlarımızı düşünmək qarışıq və ya çətin iş deyil. Bunun üçün uzun araşdırmalar aparmağa, ali təhsil almağa, qəliz məlumatlar öyrənməyə də ehtiyac yoxdur.

Məsələn, hər gün gördüyü atmosferin insanın nəfəs ala biləcəyi şəkildə yaradılmış olması, hər gün səmada gördüyü  quşun uçmaq üçün ehtiyac duyduğu ən uyğun qanad quruluşuna malik olması, ətrafında gördüyü rəngarəng dünya vicdanlı hər insanı Allah`ın möhtəşəm yaratmasını düşünməyə sövq edir. Eyni şəkildə, hər gün ətrafında yüzlərlə insan ölərkən insanın bir gün özünün də öləcəyini düşünə bilməməsi qeyri-mümkündür. Əgər insan vicdanının səsini dinləyib özünü boş işlərlə əyləndirməzsə və dünyəvi meyarlarla aldanmazsa, zehnində bu düşüncələri canlandırar.

Ancaq insan həqiqətlər üzərində dərin düşünüb qəflətə qapılmamaq üçün mütləq səy göstərməlidir. Unutmaq olmaz ki, hər insanın şeytan kimi bir düşməni vardır. Şeytan insanların düşünmələrini və beləliklə, həqiqətləri dərk edib Allah`a yönəlmələrini istəmədiyi üçün mütləq buna mane olmaq istər. Bunun üçün  insana hiyləgərliklə təlqinlər etməyə başlayar. Bu mövzuda insanların ən çox təsirləndikləri təlqinlərdən biri olan düşünməyincə məsuliyyətlərdən azad olacaqları yalanı gəlir. Bu təlqinə qulaq asan insanlar özlərindən soruşduqda: “Ağlıma gəlmədi, bilmirdim, heç kim mənə söyləmədi”, - deyib xilas olacaqlarını zənn edirlər, amma özlərini aldadırlar.

Halbuki, insanlar özlərinə bu oyunu oynayarkən onlara şah damarından daha yaxın olan Allah etdikləri hər şeydən, görməzlikdən və anlamazlıqdan gəldikləri hər düşüncədən xəbərdardır. Dolayısilə, Allah`a qarşı olan məsuliyyətlərindən qaçan insan, əslində, özünün qurduğu tələyə özü düşür, düşünməməklə yalnız özünü aldatmış olur. Axirətə getdiyində isə qaçdığı həqiqətləri yaşayaraq görər və Allah`ın hüzurunda hesab verərkən “bilmirdim, ağlıma gəlmədi, düşünə bilmədim” kimi səmimiyyətsiz bəhanələrin heç bir faydasının olmadığını açıq-aydın anlayar.

Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lənət və axirət yurdunun pis əzabı gözləyir. (“Mömin” surəsi, 52)

Başqa ayələrdə də bu həqiqət xəbər verilmişdir:

O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri də istənilməz! (“Rum” surəsi, 57)


İnsanlar hansı yalanlarla özlərini aldadırlar?

"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "

~ (Qiyamət surəsi, 13-15) ~