Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır
Həqiqi və səmimi imana sahib olan insanlar heç vaxt özlərini aldatmaz və həqiqətlərdən qaçmazlar. Çünki bu insanlarda güclü Allah qorxusu var, buna görə də Allah`ın razılığını itirməkdən çox çəkinirlər. Amma Quranda bildirilən ifadə ilə qəlbində xəstəlik olanlar Allah`a ibadət etməkdə ağır davranırlar. Allah bu insanların varlığını “Nisa” surəsinin 72-ci ayəsində “Aranızda elələri də vardır ki, ağır tərpənər” şəklində bildirmişdir. Bu insanlar Qurana uyğun olan həyat və əxlaq modelini bilsələr də, dini mövzuda səmimi olmadıqları üçün istəksizdirlər. İbadətləri yerinə yetirməmək üçün daim bəhanə axtarırlar. Davamlı olaraq belə bir axtarış içində olduqları üçün də hər bir şərait və mühitdə özlərini aldadan, ya da doğru olandan uzaqlaşdıran saxta səbəblər tapırlar. Allah`ın bir başqa ayəsində bildirdiyi kimi, bir ucundan dini yaşayır və Allah`a lazımi qaydada qulluq etmirlər. Halbuki, onlar belə səmimiyyətsiz ibadət anlayışı ilə yalnız özlərini aldadırlar. Allah bu vəziyyəti Quranda belə açıqlayır:
İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allah`a və qiyamət gününə iman gətirdik”, -deyirlər. Onlar elə güman edirlər ki, Allah`ı və möminləri aldadırlar. Bilmirlər ki, əslində, ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (“Bəqərə” surəsi, 8-10)
Allah`ın dinində səmimiyyət əsasdır. Əgər bir insan vərdişləri səbəbindən və ya ətrafındakı insanlardan əks reaksiya görməmək üçün bəzi ibadətləri istəmədən yerinə yetirirsə, yuxarıdakı ayədə də bildirildiyi kimi, yalnız özünü aldatmış olur. Allah Quranda istəksiz edilən ibadətlərin qəbul olunmayacağını insanlara belə xəbər verir:
Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allah`ı və onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir. (“Tövbə” surəsi, 54)
Səmimiyyətdən uzaq insanlar Allah`a qarşı olan məsuliyyətlərindən qaçmaq, ömürlərini dünyəvi həvəslərə sərf etmək üçün bitib-tükənməyən bəhanələr axtarırlar. Gənc yaşlarında, məktəb illərində, iş həyatında, əylənərkən, uşaq sahibi olanda, kədərlənəndə, sevinəndə... hər vəziyyətdə ibadət etmələrinə, Allah`ın əmrlərinə itaət etmələrinə mane olan süni səbəblər tapırlar. Sonrakı hissələrdə insanların bəhanə olaraq qarşıya qoyduqları səbəblər gündəlik həyatdan gətirilən misallarla açıqlanacaq. Burada əhəmiyyətli olan məsələ insanların bu səbəbləri qarşıya qoyduqları zaman səmimiyyətsiz olduqlarını başa düşmələridir. Çünki dünyada bir insanın Allah`ın əmrlərini yerinə yetirməsinə mane ola bilən heç bir səbəb ola bilməz. Əgər insanın belə bir səbəbi varsa, bu, onun səmimiyyətsizliyinin və ya iradəsizliyinin göstəricisidir.
Allah`ın özünə şah damarından yaxın olduğunu, hər şeyi gördüyünü, eşitdiyini, hər kəsin gizlətdiklərini də, aşkar etdiklərini də bildiyini anlayan insan Ona olan qulluğunda əsla səmimiyyətsizlik etməyə cəhd edə bilməz. Bir bəhanə gətirsə, onu qəlbindən keçirərkən və hətta hələ keçirmədən öncə Allah`ın biləcəyini və ya daxilən könülsüz olduğundan Allah`ın xəbərdar olacağını çox yaxşı bilir. Belə bir səmimiyyətsizliyə cəhd etmənin əvəzsiz qalmayacağını da düşünüb anlayır. Bu səbəbdən də özünü aldatmanın çıxış yolu olmadığının, əksinə, onu çox böyük itkilərə uğradacağının şüurundadır. Belə bir insan heç bir şəraitdə Allah`ın rizasından uzaqlaşmaz. Çünki Allah`a qəti şəkildə iman etdiyi üçün zəifliyi yoxdur. Qeyd-şərtsiz səmimiyyətə malikdir.
Qəlbində xəstəlik olan insanlar isə Allah`ı açıq şəkildə inkar etməsələr də, imanlarında zəiflik vardır. Yəni inancları müəyyən şərtlərə bağlıdır. Mənfəətlərinə zidd olan anda Quran əxlaqını yaşamaqdan imtina edə bilərlər. Özlərinə asan gələn ibadətləri yerinə yetirərək vicdanlarını rahatlaşdırmağa çalışarlar.
Bu insanlar özlərini açıq şəkildə aldadaraq bunun şüurunda olmazlar. Siz də bu insanların Allah qatında düşdüyü səmimiyyətsiz vəziyyətə düşmək istəmirsinizsə, diqqət edin və əsla özünüzü aldatmayın. Əgər bilginiz azdırsa, Rəbbimizi Quranı oxuyaraq tanıya bilərsiniz. Çünki Allah Özünü qullarına endirdiyi kitabında tanıtmışdır. Beləliklə, Allah`ın qədrini haqqı ilə təqdir edə bilər, kamil imanlı, səmimi dindar ola bilərsiniz. Amma Allah`ı və dinini cahiliyyə cəmiyyətinin dünyagörüşü ilə qiymətləndirsəniz, bərpası mümkün olmayan böyük səhvlər edərsiniz. Unutmayın! Ancaq Allah`a qəti şəkildə iman etdiyinizdə və səmimi qulluq etdiyinizdə qurtula bilərsiniz.
Özünü aldatmadan səmimi dindar olmaq
- Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır
- Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür
- Səmimi insanlar şeytana itaət etməzlər
- Şeytan insanlara bəhanələr təlqin edir
- Şeytan insanı boş və mənasız işlərlə məşğul edir
- Şeytan hiyləli vədlər verir
"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "
~ (Qiyamət surəsi, 13-15) ~