“Bilirdim, amma vaxtım və imkanım yox idi”, - deyərək özünü aldadanlar
Allah Quranı bütün insanlara yol göstərici kitab olaraq göndərmişdir. Qiyamətə qədər bütün insanlar Quranda bildirilən əmrlərə tabe olmaqla, ibadətləri yerinə yetirməklə məsul sayılırlar. Allah`ın Quranda istisna olaraq bildirdiyi hallar xaricində hər insan ibadətləri yerinə yetirib yetirmədiyi haqqında din günü hesab verəcək. Buna görə, Allah`ın bildirdiyi istisnalar xaricində öz-özünə bəzi bəhanələr uyduraraq Allah`a olan qulluq vəzifəsini yerinə yetirməyən insan özünü aldatmış olur. Bu açıq həqiqətə baxmayaraq, insanlar davamlı bəhanələr uydurur və Allah`a qarşı olan məsuliyyətlərini qulaq ardı edirlər. Məktəb illərində ayrı, iş həyatına başladıqda ayrı, evlənəndə, uşaqları olanda ayrı bəhanələr irəli sürürlər. Din əxlaqını yaşamağa səmimi niyyətləri olmadığı üçün müxtəlif mövzuları ibadətlərini yerinə yetirmələrinə mane olaraq görürlər. Ən böyük bəhanələri isə vaxtlarının və imkanlarının olmaması iddiasıdır.
Gündəlik həyatları boyunca insanlar bir çox işə rahatlıqla zaman ayırırlar. Xüsusilə hər hansı bir mənfəətləri olduğunda lazım gələrsə, başqa istəklərindən keçir, amma yenə də o iş üçün lazım olan zamanı nizamlayırlar. Eləcə də imkanları olmadıqda bütün maneələri qaldıran çarələri də çox tez düşünüb tapırlar. Ancaq ibadətlərdən söz düşəndə insanların çoxu eyni qərarlılığı göstərmir.
“Namaz qılmaq istəyirəm, amma vaxt tapa bilmirəm”, “işləyirəm, necə oruc tuta bilərəm”, “məktəbə gedirəm, dərsə hazırlaşmalıyam, ibadətə vaxt ayıra bilmərəm”, “bura bağ evidir, burada oruc tuta bilmərəm” kimi bəhanələr uyduran insanlara ətrafınızda tez-tez rast gəlmisiniz. Eyni şəkildə, “səbirli insan olmaq istəyirəm, amma hər şey bir-birinin ardınca olur”, “hirslənmək istəmirəm, amma mühit çox stresslidir” kimi bəhanələrlə çirkin əxlaq göstərən insanları çox görmüsünüz. Bu insanlar, əslində, Quran əxlaqını həyata keçirməyə səmimiyyətsiz yanaşırlar. Çünki bir az əvvəl də ifadə etdiyimiz kimi, insanlar dünyaya aid bir mənfəət ümid etdiklərində zaman və imkanları düşünmədən, lazım olduğunda hər cür çarəni taparaq istədikləri şeyi edirlər. Amma mövzu özlərini yaradan və yaşadan Allah`a qarşı yerinə yetirilməsi lazım olan məsuliyyət olduğu zaman dərhal qeyri-mümkünlüklərdən şikayət etməyə başlayırlar.
Bu mövzunun daha konkret şəkildə aydın ola bilməsi üçün belə bir nümunə verək. Bir insana gündə 1 saatını ayıraraq bir iş görməsi qarşılığında çoxlu miqdarda pul təklif edilsə, (məsələn, aylıq qazandığı maaşın 10 qatının ödənəcəyi deyilsə), bu adam imkanları necə olursa olsun, dərhal təklifi qəbul edər. Üstəlik, bu insan bir tərəfdən universitet imtahanına hazırlaşa bilər və ya eyni zamanda, işləyə bilər. Lazım olsa, yuxusundan keçər, lazım olsa, özünə ayırdığı vaxtdan azaldar, amma zamanı problem olaraq görməz. Eyni şəkildə, bütün imkanlarını da dərhal bu işə uyğun hala gətirər. Bu, dünyadakı insanların çoxuna aid olan və inkar edilməsi qeyri-mümkün olan bir həqiqətdir.
Buna görə, əgər insan eyni qərarlılığı Allah`ın razılığı üçün göstərməzsə, bu, böyük bir səmimiyyətsizlik və vicdansızlıq olar. Üstəlik, insan etdiyi ibadətlər qarşılığında üç-beş manatla müqayisə edilməyəcək qədər qiymətli qazanca qovuşacaq, sonsuza qədər Allah`ın rəhmətini və cənnətini qazanacaq.
Amma insanların çoxu sahib olmağa çalışdıqları malların, pulların, daşıdıqları kredit kartlarının, yığdıqları dollarların, xoşlarına gələn evlərin, avtomobillərin, gözəl geyimlərin sehri ilə Quran əxlaqını bir kənara buraxır, axirəti unudur və dünyaya meyil edirlər. “Vaxtım yoxdur”, “çox məşğulam”, “görüləcək işlərim var”, “işim var”, “ideallarım var”, “gələcəkdə edərəm” kimi sözlərlə özlərini aldadır, axirət qazancını təmin edən ibadətlərə yönəlməzlər. Allah`ın əmr etdiyi gözəl əxlaqı yaşamaz, namaz qılmaz, oruc tutmaz, Allah`ın özlərinə verdiklərindən ehtiyacı olanlara verməz, yalnız qazanc əldə etməyə çalışmaqla ömür sürərlər.
Allah dünyada özlərini aldatmaqla söylədikləri bəhanələrin qəbul ediləcəyini zənn edən və buna görə, ibadətlərini yerinə yetirməyən və ya durmadan təxirə salan insanların axirətdə qarşılaşacağı vəziyyəti bizə belə bildirmişdir:
O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! (“Qiyamət” surəsi, 13-15)
Buna görə, siz də diqqət yetirin, əsla bu insanlar kimi axirətdə etibarlı olmayacaq bəhanələri dünyada səbəb göstərib özünüzü aldatmayın. Ayədə bildirildiyi kimi, hər nə bəhanə olursa olsun, siz, əslində, bunun doğru olmadığını qavraya biləcək bəsirətə sahibsiniz. Əgər nəfsinizə uysanız, bunun hesabını Rəbbimiz olan Allah`a verə bilməzsiniz. Sizin onsuz da hazırda dünyada yaşama məqsədiniz Allah`a qulluq etməkdir. Etməli olduğunuz digər işlərin heç biri bundan daha önəmli və əhəmiyyətli deyil. Çünki əbədi qurtuluşunuz ancaq Allah`ın rəhmətini qazanmaqla mümkündür.
İnsanlar hansı yalanlarla özlərini aldadırlar?
- Düşünmədiyi üçün: “ağlıma gəlmədi, bilmirdim”, - deyə biləcəyini zənn edənlər
- “Bilirdim, amma vaxtım və imkanım yox idi”, - deyərək özünü aldadanlar
- “Yorğunam, xəstəyəm”, - deyərək Allah`a ibadət etməyənlər
- “Allah məni bağışlayar”, - deyərək özlərini aldadanlar
- “Onsuz da mən cənnətə gedəcəyəm” kimi düşünənlər
- “Hamı elə düşünürdü, mən də onlara tabe olmağa məcbur oldum”, - deyənlər...
- “Elm adamları dini inkar edirdi, onlara inandım”, - deyərək özünü aldadanlar
"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "
~ (Qiyamət surəsi, 13-15) ~