Niyə özünü aldadırsan?

ÖZÜNÜ ALDATMADAN SƏMİMİ DİNDAR OLMAQ


Ətrafımızdakı varlıqların, dünyada olan canlıların və kainatdakı canlı-cansız hər şey üzərində düşünməyin vacibliyini və bu düşüncənin nəticəsində insanın yaradılış məqsədinin Allah`a qulluq etmək olduğu həqiqətinə əvvəlki hissədə toxunmuşduq. Bu hissədə də çox əhəmiyyətli bir mövzudan bəhs edəcəyik.

Hal-hazırda, neçə yaşındasınızsa, məsələn, 30 yaşınız varsa, bundan 30 il 10 ay əvvələ nəzər yetirək: yer üzündə bir varlığınız olmadığı kimi, var olacağınıza dair bir işarə də yox idi. Sonra bir spermanın yumurta hüceyrəsi ilə birləşməsi və 9 aylıq inkişaf müddəti nəticəsində bir körpə olaraq dünyaya gəldiniz, yəni yox ikən var oldunuz. Əvvəl tək bir hüceyrə idiniz, sonra bu hüceyrə bölünərək iki hüceyrə oldu, sonra dörd, səkkiz, on altı, otuz iki… Nəticədə də milyardlarla hüceyrədən yaranan əli, ayağı, gözləri, qulaqları, burnu, qan dövranı, tənəffüs sistemi olan canlı oldunuz. Üstəlik, bir hüceyrə ikən düşünə bilən, görə bilən, hiss edə bilən, zövq alan, şüur sahibi varlıq oldunuz. Bunun nə qədər möhtəşəm hadisə olduğunu bir az düşündüyünüzdə asanlıqla qavraya bilərsiniz.

Bəs, bu möcüzəvi hadisə necə reallaşdı? Gözlə görünməyən iki parçanın birləşməsi ilə necə şüurlu varlıq meydana gəldi? Bu sualların cavabları aşağıdakı ayələrdə verilmişdir:

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə, yaşadan Odur. İçərinizdə daha əvvəl  öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta yetişəsiniz və bəlkə, düşünüb anlayasınız deyə edilir. Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda  ona ancaq: “Ol!” – deyər, o da dərhal olar. (“Mömin” surəsi, 67-68)

Bu ayələrdə bütün insanların və bütün varlıqların yaradıcısının Allah olduğu və insanların bu reallıq qarşısında ağıllı olmalarının vacibliyi xatırladılır. Ağlından istifadə edən insan əsl yaradılış məqsədinə çatar və Allah`ın dininə təslim olar. Onun razılığını və rəhmətini qazanmaq üçün çalışaraq həyatını davam etdirər. Allah Quranda insanlara öz yaradılışlarını düşünərək aldanışlardan, yanılmalardan uzaq olmalarını belə əmr etmişdir:

Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni  yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız! Sizin üstünüzdə gözətçi mələklər - yazan və çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər. (“İnfitar” surəsi, 6-12)

Ancaq bütün bu həqiqətlərə baxmayaraq, insan aldanıb-yanılmağa, yanlış yola düşməyə, özünü aldadaraq ömrünü boş işlərə sərf etməyə, Yer üzündəki mövcud olan möcüzələri vicdansızlıq edərək görməməyə, eşitməməyə və ya görüb anlamazlıqdan gəlməyə meyillidir. Əgər insan Allah`ın varlığı və böyüklüyünü düşünməz və ağlından istifadə etməzsə, sonsuz peşmançılıqla qarşılaşa bilər. Buna görə, insanların özlərini aldatmamaları, dünyadakı hər şeyin bir məqsədlə yaradıldığını, sahib olduqları bütün nemətlərin bir hikmətlə verildiyini və hesab günü bütün bunlardan sorğuya çəkiləcəklərini unutmamaları vacibdir.



Özünü aldatmadan səmimi dindar olmaq

"O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! "

~ (Qiyamət surəsi, 13-15) ~